Texno

WİFİ modemdən saytlara girişi BLOKLAMA QAYDASI – VİDEO

Bəzən elə olur ki, evdə olan balaca uşaqların yaxud ofisdə həmkarların iş vaxtı girməli olduğu saytları limitləmək istəyirik. 

Metbuat.org xəbər verir ki, bunu isə tətbiq etməyin əslində bir neçə variantı var: kompüterdən bloklamaq, tətbiqlər vasitəsilə bloklamaq və bugün izah edəcəyəmiz wifi modemdən bloklamaq.

Amma wifi modemdən bloklama digər üsullardan fərqli olaraq həmin şəbəkəyə qoşulan bütün cihazların təyin edilən saytlara girişinə əngəl olur. 

Başlayaq məşhur TP-Link modemlərindən. Bu modemlərdə Wifi sazlamalarına keçid etmək üçün ənənəvi olaraq brauzerdən 192.168.0.1 və yaxud 192.168.1.1 IP adreslərindən birinə daxil olub, açılan login səhifəsinə, əgər əvvəlcədən dəyişməmisinizsə, admin-admin yazıb, sazlamalara keçid edirik. Əgər admin-admin login və şifrəsilə daxil ola bilmirsinizsə, bu zaman sizə xidmət göstərən provayder ilə əlaqə saxlayıb, məlumatı onlardan istəyin.

Saytları bloklamaq üçün ilk olaraq sol menyuda yer alan bölmədən “Access Control”a, daha sonra isə həmin seçimin altında yer alan “target”ə keçid etmək lazımdır.

Bu keçiddən sonra ekranın sağında bloklamaq üçün menyu açılacaq. Açılan bu menyudan “add new” seçib, bloklayacağımız saytı siyahıya əlavə etməliyik. Bu zaman bizdən bloklamanın modelini seçmək tələb olunur. İstəsəniz IP, istəsəniz Mac adressə həmçinin “url address”ə uyğun bloklama apara bilərsiniz. Indi buradan biz “url address” yəni link seçirik, “description” hissəsinə qısa təsvir yazıb, “url address”-ə bloklamaq istədiyimiz saytın linkini əlavə edirik.

Nümunə üçün YouTube-u, Facebook-u, TikTok-u əlavə edib, bir list yaradaraq, “save” düyməsini sıxaq. Beləcə əlavə etdiyimiz saytlara bu şəbəkə üzərindən giriş bloklandı.

Solda olan “Schedule” seçimi isə saytlara yalnız müəyyən vaxt aralıqlarında blok qoymaq üçün nəzərdə tutulub. Əgər siz bu seçim vasitəsilə saytlara girişin qadağan olunma günlərini, saatlarını seçsəniz yalnız təyin olunan müddət ərzində saytlar blokda qalacaq. Bu seçim ən çox ofis əməkdaşları üçün istifadə olunur. Məsələn, siz iş günləri və iş saatları ərzində əməkdaşların facebook-dan istifadəsini bloklaya bilərsiniz.

Kabel televiziyaların evlərə quraşdırdığı Tenda modemlərində isə bu proses biraz daha sadədir. Əgər evinizdə istifadə etdiyiniz router Tenda-dırsa, brauzerdən 192.168.0.1 IP adresinə daxil olub, birbaşa açılan ekrandan “Parental control” yəni valideyn nəzarəti bölməsinə keçid etmək lazımdır.

Burada bizim şəbəkəyə qoşulu olan cihazların siyahısı görünür. Saytları bloklamaq üçün isə lazım olan vaxt aralıqlarını seçib “Website restrictions” bölməsinin qarşısındakı seçimi “allow” seçiminə dəyişirik.

Bu zaman saytları əlavə etmək üçün aşağıda bölmə açılır. Bu bölməyə bizə lazım olmayan saytları siyahıya bir-bir əlavə edərək, sonda yuxarıdakı cihazların birinin yaxud hamısının qarşısındakı işarəni sağa sürüşdürürük.

Bu işarə göstərilən bloklamalarının hansı cihaza aid olmasını seçmək üçündür. Yəni siz bir yaxud bir neçə cihaza bu məhdudiyyətləri tətbiq edə bilərsiniz.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button