Kriminal

İtlə məşq edib qayınanasını bıçaqladı – Dəhşətli cinayətin TƏFƏRRÜATI

Goranboyda qayınanasını öldürməyə cəhddə təqsirləndirilən 1995-ci il təvəllüdlü İsrail Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

İsrail Məlikovun hansı səbəbdən qayınanasını bıçaqlaması ictimaiyyətə qaranlıqdır. 

Metbuat.org həmin cinayət işi üzrə materialları əldə edib. 

İsrail Məlikov qayınanası Nübar Fərziyeva (ad soyad şərtidir) əri ilə boşandıqdan sonra Goranboy şəhər sakini ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb və yüngül həyat tərzi keçirməsi ilə əlaqədar aralarında münaqişə yaranıb.

Bu səbəbdən İsrail Məlikov Nübar Fərziyevanın yaşadığı ünvana gedərək, evin qapısı qarşısında ona pozğun əməllərindən əl çəkməsini bildirib. Qadın isə onu nalayiq sözlərlə təhqir edib, oradan qovub.

Bundan hiddətlənən təqsirləndirilən şəxs qayınanasını öldürmək qərarına gəlib. O evə gələrək babasından yadigar qalan bıçağı götürüb və qayınanasını yaşayan evə gedib. O qadını qapının ağzına çağıraraq 4 dəfə zərbə endirib. Qadın aldığı zərbələrdən huşunu itirərək yerə yıxılıb.

İsrail Məlikov Nübar Fərziyevanın öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb. Qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən İsrail Məlikov barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsrail Məlikov ittiham üzrə özünü qismən təqsirli bilib. Onun ifadəsinə görə, 2019-cu ilin iyun ayında Goranboy şəhər sakini Firəngiz (şərtidir) ilə ailə həyatı qurub. Birlikdə 2 ay müddətində, yəni 2019-cu ilin avqust ayına qədər Tərtər rayonunun Düyərli kəndində valideynləri ilə birlikdə yaşayıblar:

“Daha sonra qayınatam Fuad birinci qrup Qarabağ əlili olduğu üçün gözləri görmədiyindən arvadımla məcbur olaraq onun yaşadığı evə köçdük. Qayınatam hadisədən təxminən 4 ay öncə Goranboy rayon sakini Ceyhun adlı şəxsin onun ailəsini dağıdıb, Nübarı saxladığını, həmin səbəbdən boşandığını dedi. Qayınanamı tez-tez Goranboy rayon sakini olan Ceyhun adlı şəxsin “Mercedes E” markalı avtomobilində gördüm.

Dörd ay əvvəl qayınanamın evinə getdim, ona dedim ki, bilirəm, səni Ceyhun saxlayır, bizim adımızı batırma, utandığımdan çölə çıxa bilmirəm. Nübar mənə cavabında “əcəb edirəm, hələ bundan artıq sizin adınızı batıracam”, dedi”.

Təqsirləndirilən şəxs bildirib ki, qayınatasıgilə köçəndən sonra Nübara səhvlərini deyib: “Bu səbəbdən Nübarın mənimlə münasibəti pisləşdi. Nübara Ceyhunla gəzməyi barədə bir neçə dəfə xəbərdarlıq etmişəm. Hər dəfə o, sözlərimə məhəl qoymayıb, hər dəfə “əcəb edirəm, sənə dəxili yoxdur” deyib.

Daha sonra eşitdim ki, Nübar evində başqa pozğun qadın saxlayır, həmçinin, başqa yerlərdə pozğunluq edir. Bir daha qayınanamın evinə getdim. Məqsədim ona pozğun əməllərindən əl çəkməsini, evinə pozğun qadınlar salmamasını, Ceyhunla biabırçı münasibətlərini kəsməsini, həmçinin, adımızı orda-burda çəkib, bizi biabır etməməsini demək olub.

Nübarı evin çöl qapısı qarşısından çağırdım. Evdə tək olduğunu biləndə içəri girdim. Ona bir daha Ceyhunla münasibətlərini kəsməsini, evinə başqa pozğun qadın salmamasını və pozğunluğundan əl çəkməsini dedim. O, kobud və nalayiq sözlərlə cavab verərək məni evdən qovdu. Oradan uzaqlaşdım, evə gəldim, yeməyimi yedim, heç kimə heç bir söz demədən yatdım”.

İsrail Məlikovun sözlərinə görə, Novruz bayramı ərəfəsində bayramlaşmaq məqsədi ilə atasıgilə gedib: 

“Atam-anam evdə olmadığından onları gözləməyib evdən çıxdım. Qəbiristanlıqda basdırdığım babamdan qalma bıçağı götürdüm, Goranboy şəhərindəki evə qayıtdım. Evdə arvadıma dedim ki, sənin anan düzəlmir. Bu səbəbdən arvadımla mübahisə etdim.  Arvadım mənə “biz ayrılaq, evimizdən çıx” dedi. Ondan səbəbi soruşdum, bildirdi ki, sən mənim anama hədə-qorxu gəlirsən, onun öz həyatıdır, qarışma, gəzir, yaxşı edir. Mən isə cavabında “çıx deyirsən, çıxım, amma məsələ belə qalmayacaq” dedim. Oradan çıxıb birbaşa Nübargilə yollandım. Çöl qapını döydüm, açan olmadı. Nübarın kiminləsə telefonda danışdığını eşitdim və evdə olduğunu anladım. Hasardan tullanaraq həyətə daxil oldum. Evin qapısını açıb dəhlizə, dəhlizdən də qonaq otağına keçdim. Evdə başqa heç kim yox idi. Nübar məni görən kimi telefonu söndürdü, məndən burada nə işimin olduğunu soruşdu. Ona “pozğunluğunu, fahişəliyini yığışdır, mənim həyatımı niyə məhv eləyirsən”, dedim. Dedi ki, yaxşı edirəm, sən kimsən həyatıma qarışırsan. Cibimdən qatlanan bıçağımı çıxardım və Nübarın sinə hissəsindən vurdum. Bundan sonra o, əl-qol atmağa başladı. Həmin vaxtda bıçaqla birini vurdum, bu zaman yerə yıxıldı. Yıxılan kimi kürəyindən iki zərbə endirdim. Çölə çıxaraq könüllü şəkildə Goranboy Rayon Polis Şöbəsinə gəldim”.

Məhkəmədə danışan Nübar Fərziyeva bildirib ki, qızı birinci ərindən ayrılandan sonra İsrail Məlikovla ailə həyatı qurub: 

“Həmin ərəfədə qızım Firəngizlə danışmırdım. Bir dəfə mobil telefonuma tanımadığım nömrədən zəng gəldi. Bir nəfər oğlan salam verdi, qızımın əri olduğunu, yeni evləndiklərini, halallıq istədiyini dedi. Mən isə, “elə bir qızım yoxdur, amma yenə də Allah sizi xoşbəxt etsin”, dedim. Daha sonra qızımla barışdım. Qızım əri İsraillə bəzən evimə gəlib. Mən onları yaxşı qarşılamışam. Qızımdan İsrailin evdə tez-tez dava saldığını eşitdim. Bu səbəbdən qızım ondan boşanmaq istədi. İsrail də qızımın ondan boşanma səbəbini məndən görürdü”.

Bıçaqlanan qadın qeyd edib ki, hadisədən bir gün əvvəl İsraillə Firəngiz birlikdə onun evinə gəlib: “Firəngiz ərinə “anamın evinə girmə”, deyərək evə buraxmadı, çöldə qaldı. Qızımdan ərini evə niyə buraxmadığını soruşdum. Cavabında bildirdi ki, bütün günü evdə atamla oturub sənin qeybətini qırırlar. Həyətə çıxanda İsrailin itlərə yaxınlaşaraq, daha sonra kənara çəkildiyini gördüm. Hadisədən sonra başa düşdüm ki, o, itlə məşq edirmiş, məni öldürməyə gələndə itlər hürməsin”.

Nübar Fərziyeva hadisə günündən danışıb. O deyib ki, axşam saatlarında evdə telefonla danışan zaman İsraili birdən evin içində görüb:

“Ondan haradan gəldiyini soruşmağa imkanım belə olmadı. O, bıçaqla mənə zərbələr vurdu. Zərbələrdən yerə yıxıldım. İsrail əyilərək gözlərimə baxdı. Məndən əl çəkməsi üçün gözümü qırpmadım ki, guya ölmüşəm. Bir-iki dəqiqə gözlədikdən sonra sürünə-sürünə çölə çıxdım. Həyətin darvazasından tutaraq ayağa qalxdım və evimin yanında moykada işləyən Elnur adlı oğlana səsləndim. Elnur qaçaraq yanıma gəldi. O, təcili tibbi yardıma zəng etdi və məni Goranboy rayon mərkəzi xəstəxanasına apardılar.

Qadın ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını, barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrail Məlikovu 7 il 10 ay azadlıqdan məhrum edilib.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button