Kriminal

Şkafdan çıxan ilahiyyatçı, qayınlarını çağıran ər… – BIÇAQLANMANIN TƏFƏRRÜATI LENT.AZ-da

Bakıda tanınmış ilahiyyatçı Hacı Zahir Mirzəvini bıçaqlamaqda təqsirləndirilən 1985-ci il təvəllüdlü Saday Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İlahiyyatçının hansı səbəbdən bıçaqlanması ictimaiyyətə qaranlıq qalıb.

Metbuat.org həmin cinayət işi üzrə materialları əldə edib. 

İttihama görə, hadisə ötən il martın 15-də Nərimanov rayonu, M.Araz küçəsində baş verib. 

Saday Məmmədov Hacı Zahir Mirzəvini  həmin ünvanda yaşayan bacısı Gülnarın (şərti) yaşadığı mənzilə gəlmə səbəbini müəyyənləşdirərkən aralarında mübahisə baş verib.
Bu zaman Saday Məmmədov üzərində gətirdiyi bıçaqla Hacı Zahir Mirzəvini vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Saday Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Saday Məmmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Gülnar onun doğma bacısıdır:

“Zərərçəkmiş Hacı Zahiri əvvəllər tanımamışam, barəsində eşitməmişəm. Martın 15-də, saat 21:00 radələrində işdən çıxaraq evə getdim. Evdə istirahət etdiyim zaman bacımın həyat yoldaşı Cavid mənə zəng etdi. O, yaşadıqları mənzildə bacımı tanımadığı kişi ilə birlikdə tutduğunu dedi. Bunu eşidən kimi evdə olan özümə məxsus bıçağı götürdüm, bacımın yaşadığı Nərimanov rayonundakı mənzilə getdim. İçəriyə daxil olduğum zaman orada qardaşım, bacım,  Cavid və tanımadığım bir şəxs var idi. Qəzəbli şəkildə məsələni aydınlaşdırmaq məqsədi ilə bacımın üstünə doğru getdim. Amma qohumlarım araya girdi, ona yaxınlaşmağıma imkan vermədi. Ona görə də həmin tanımadığım şəxsə doğru getdim. Çox qəzəbli və həyəcanlı vəziyyətdə adını sonradan bildiyim Zahirin qarın hissəsinə bir dəfə bıçaqla vurdum. Bu anda qardaşım əlimdən bıçağı alaraq yerə atdı. Sanki birdən özümə gəldim və vəziyyətin yaxşı olmadığını gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, qohumlarından Zahiri xəstəxanaya çatdırmalarını xahiş edib: 

“Mən özüm isə mənzildə qaldım, polis əməkdaşlarının gəlməsini gözlədim. Törətdiyim əməldən çox peşmanam, zərərçəkən şəxslə də barışmışam. Xahiş edirəm ki, bunu nəzərə alasınız”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Hacı Zahir deyib ki, Gülnar ilə onun həyat yoldaşı Nigar (şərtidir) arasında dostluq münasibətləri var: 

“Təqsirləndirilən şəxsi və onun qardaşını əvvəldən tanımamışam. Martın 14-də arvadım Gülnara zəng edərək “Necə kamil namaz qılaq?” kitabını mənim vasitəmlə səhəri gün hədiyyə olaraq ona göndərəcəyini bildirdi. Martın 15-də, saat 15 radələrində həmin kitabı Gülnara apardım. Həmin vaxt Gülnarın həyat yoldaşı Cavid evə gəldi. Gülnar Cavidin məsələni səhv başa düşəcəyindən qorxdu. Məndən qabları və bankaları saxladıqları şkafa keçməyimi istədi. Dedi ki, həyat yoldaşı evə keçdikdən sonra oradan gizlin çıxıb gedim. Əvvəlcə belə bir şey etmək istəməsəm də, Gülnar təkid etdiyindən məcbur olaraq razılaşdım. Saxlanc yerinə keçdim, oranın qapısını bağladım. Lakin Cavid şkafın qapısını açaraq məndən orada nə etdiyimi soruşdu. Mən isə ailəyə yaxın adam olduğumu bildirdim. Cavid məndən mənzilə keçərək gözləməyimi istədi. Gülnar üçün kitab gətirməyimi deməyimə baxmayaraq Cavid buna inanmadı. Qayınlarına zəng edərək ora gəlmələrini istədi. Təxminən 25 dəqiqə sonra Gülnarın qardaşı Famil (şərti) gəldi. O nə baş verdiyini soruşdu. Gülnar hadisəni olduğu kimi Familə dedi. Mənim sadəcə onun üçün həyat yoldaşımın göndərdiyi kitabı gətirdiyimi bildirdim”.

Hacı Zahir qeyd edib ki, həmin vaxtı Famil onun yoldaşıma  zəng edib:

“Arvadımla danışdı, Gülnara kitab göndərib-göndərmədiyini soruşdu. Arvadım isə kitab göndərdiyini bildirdi. Bundan sonra isə Gülnarın kiçik qardaşı Saday mənzilə daxil oldu. Saday ilk olaraq Gülnara doğru gəlmək istədiyi zaman Famil onu saxladı. Bu zaman Saday geriyə çəkildi və mənim üzərimə gəldi. Əlindəki bıçaqla qarın hissəmə bir dəfə vurdu. Vurduqdan sonra  Saday məni dərhal xəstəxanaya aparmalarını orada olanlara bildirdi. Gülnar və Famil məni xəstəxanaya aparmaq məqsədi ilə qapının qarşısına çıxartdıqları zaman Cavidin qardaşı gəldi. Onlar məni xəstəxanaya apardılar”.

Zərərçəkmiş ifadəsinin sonunda Saday ilə barışdığını, onu bağışladığını deyib: 

“Müalicəm ilə bağlı lazımi köməklik də göstərilib. Bu səbəbdən Sadaya qarşı şikayətim yoxdur”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button
Verified by MonsterInsights