Gələn ay TANAP-ın ikinci hissəsində sınaq işlərinə başlanılacaq

Gələn ay TANAP-ın ikinci hissəsində sınaq işlərinə başlanılacaq
15:17 12 Mart 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropaya qaz ötürəcək Faza-1 hissəsində sınaq işlərinə aprelin 15-də başlanılması planlaşdırılır.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol İpsalada TANAP-ın MS4 ölçü stansiyasında jurnalistlərə bildirib.
S. Düzyol qeyd edib ki, bu hissə iyulun 1-də Avropaya qaz ötürmək üçün hazır vəziyyətdə olacaq.Onun sözlərinə görə, fevralın sonuna Faza-1 üzrə 98% işlər yerinə yetirilib.
Baş direktor TANAP-la nəql edilən qazın həcmini də açıqlayıb və bildirib ki, TANAP-la kommersiya qazının nəqlinə başlandığı gündən (30 iyun, 2018-ci il) bu il fevralın 28-i müddətində Türkiyəyə 1,250 mlrd. kubmetr təbii qaz nəql edilib.
Onun sözlərinə görə, bu il iyunun sonuna kimi TANAP-la nəql olunan qazın həcmi 2 mlrd. kubmetr, 2019-cu ilin sonuna isə 4 mlrd. kubmetr təşkil edəcək.
Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. 
TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.
TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gelen-ay-tanap-in-ikinci-hissesinde-sinaq-islerine-baslanilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR