Azərbaycan lideri işğalçının planlarını darmadağın etdi - TƏHLİL

Azərbaycan lideri işğalçının planlarını darmadağın etdi - TƏHLİL
13:33 12 Mart 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk qrupu Ermənistana xəbərdarlıq etdi: öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyünün pozulması hesabına baş verə bilməz. Bu, Dağlıq Qarabağ masasında işğalçı ölkənin əlahəzrət fakt qarşısında qalması və Azərbaycan liderinin ərazi bütövlüyümüzün bərpası istiqamətində prinsipial mövqeyinin bəhrəsi idi. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə məğlub gedəcək. Bakı liderlərin planlaşdırılan görüşü öncəsi diplomatik qələbəni təmin etdi.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni rəhbərlik Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin masada tərəf kimi əyləşməsi tezisini irəli sürdü. Bu, Paşinyanın həm daxili auranı öz xeyrinə formalaşdırmaq, həm də ərazilərin qaytarılması ilə nəticələnəcək sülh razılaşmasına imza atmamaq üçün yeni bəhanələr irəli sürməsidir.

Paşinyan “Dağlıq Qarabağın adından danışmaq hüququna malik deyiləm” tezisindən çıxış edir, ardınca öz oğlunu Azərbaycanın işğal edilmiş torpaqlarına hərbi xidmətə göndərir. Birinci tezis erməni baş nazirin öz təbirincə diplomatik, ikinci tezis daxili auditoriyaya hesablanmış “vətənpərvərlik” manevri idi. Hərçənd, bir-birinin təkzibi olan hər iki tezisdə Paşinyan başlamadan məğlub vəziyyətinə düşdü. Çünki populist iddialarla tanınan erməni baş nazir qarşısında Azərbaycan liderinin olduğunu hələ tam dərk etmirdi.

Ermənistanın yeni sahibləri düşünürdülər ki, bu tezislərlə həm danışıqlar prosesini pozacaq, həm də mövcud status-kvonu davam etdirəcəklər. Lakin Azərbaycan lideri diplomatik manevrləri işğalçını çətin vəziyyətə saldı.

Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçiyə səfər etdi, Moskva-İrəvan münasibətlərində yaranmış çatlar fonunda Bakı-Moskva xəttində ciddi proseslər başlandı. Bu, yaranmış fürsəti qazanca çevirmək gedişi idi. Ardınca Rusiya prezidentinin Bakıya səfəri Ermənistanın ən böyük arxasını itirdiyini və bunun işğalçı ölkə üçün ağır nəticələnəcəyini deməyə əsas verirdi. Daha sonra Azərbaycan lideri Ermənistanı üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ağır məğlubiyyətə uğratdı. Bu, Paşinyan hakimiyyəti üçün İlham Əliyevin sərt üzü ilə ilk qarşılaşması idi...

Lakin Prezident İlham Əliyev diplomatik manevrlərini çoxtərəfli həyata keçirirdi. Düşənbədə Nikol Paşinyanla ayaqüstü söhbət və cəbhədə sabitliyin təmin edilməsi ilə bağlı razılaşma olduqca maraqlı və gözlənilməz oldu. Çoxlarına görə, bunu Rusiya istəyib, bu mümkün versiya olaraq görünür, amma burada daha çox İlham Əliyevin ağıllı manevri aydın görünür.

Azərbaycan lideri bir tərəfdən Rusiya ilə yaxınlaşır, ardınca şəxsi nüfuzundan istifadə edərək, Ermənistana öz “müttəfiqlərinin əli ilə” zərbələr endirir, digər tərəfdən, Paşinyanla razılaşaraq, onu dilemma qarşısına qoyur. Beləliklə, münaqişə ətrafındakı prosesdən Azərbaycana qarşı istifadə etmək istəyənlərə “problemi Ermənistanın yeni rəhbərliyi ilə də həll edə bilərik” mesajını verirdi.

Bu manevrlərin nəticəsi olaraq 2019-cu ilin başlanğıcından etibarən danışıqlar trafikində canlanma müşahidə olundu. Xüsusilə xarici işlər nazirlərinin Parisdə “xalqları sülhə hazırlamaq” razılaşması, ardınca Azərbaycan lideri ilə erməni baş nazirin Davos görüşü atmosferi xeyli yumşaltdı.

Paşinyanın İrəvana dönəndən sonra yenidən öz ampulasına qayıtması və absurd tezisini təkrarlaması isə sülh prosesini yenidən çətinə saldı. Erməni baş nazirin siyasi iddialarına paralel olaraq İrəvanda hərbi ritorika da gündəmə gəldi. Müdafiə naziri David Tonoyan “biz müdafiə taktikasından hücum taktikasına keçirik” dedi, ardınca milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyan Azərbaycanın işğal edilmiş torpaqlarına gələrək, “bir qarış da ərazini vermirik” deyə açıqladı.

Ermənistanın masada bir, evdə başqa dildə danışması iki istiqamətə hesablanıb:

Birincisi, Paşinyan hakimiyyətinin onu küçədən iqtidar kürsüsünə qaldıran əhaliyə verdiyi vədləri yerinə yetirməməsidir: işsizlik həddi artır, hakimiyyət stimullaşdırmaq bəhanəsi ilə iş yerlərini ixtisara salır, dövlət borcu son 1 ildə 30 milyon dollara yaxın artıb, son 1 ildə intihar halı 20 faiz çoxalıb. Artıq ermənilər Paşinyanın qarşısına “verdiyin vədlərə əməl et” tələbi irəli sürürlər. Bu situasiyada Paşinyan xilası yolunu “populist vətənpərvərlikdə” görür.

İkincisi, hərbi ritorikanın artırılması danışıqlar masasında gərginliyin yaradılması və prosesi pozmaq planının tərkib hissəsidir.

Hərbi ritorikanın gücləndirilməsi ilə bu iki istiqamətdə istədiyinə nail olmağı düşünən Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağın tərəf olması” tezisinin də hədəfi aydındır: ya Azərbaycan bu tezisi gec-tez qəbul edəcək; ya da Azərbaycan bu tezisi qəbul etməyəcək və Ermənistan danışıqlar masasından ciddi bəhanə ilə qalxacaq;

Hər iki variant İrəvanın maraqlarına uyğundur və diqqət çəkən məqam Ermənistanın öz tezisinə Avropada dayaq axtarmaq ümidləri idi. Rəsmi Bakının manevrləri ilə İrəvanın Moskva ümidlərinin üzərindən xətt çəkilməsi və onu öz müttəfiqlərinin əli ilə vurulması Nikolun Avropaya pənah aparmasını zəruri etmişdi. Və maraqlıdır ki, Paşinyan Ermənistanda Rusiyayönümlü hakimiyyəti devirə bildiyi üçün “Köhnə Qitə”yə “triumf”la daxil olacağını düşünürdü. Üzləşdiyi mənzərə acınacaqlı oldu.

Martın 5-də Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakı Bakıda qəbul etdi, Ermənistanın baş naziri üç dəfə söhbət etdiyini, lakin Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətinin olmadığını vurğuladı və Dağlıq Qarabağ münaqişəsinin həllindən məsuliyyətli olan qurumun rəhbərinə Azərbaycanın prinsipial mövqeyini bir daha çatdırdı.

Martın 6-da Nikol Paşinyan Avropa Komissiyasının Avropa Siyasəti, Qonşuluq və Genişlənmə üzrə komissarı Yohannes Hanla görüşdə münaqişədən danışdı. Azərbaycan lideri ilə görüşə hazırlaşdığını deyən Paşinyan bildirdi ki, “Biz, ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həllinin incəlikləri və metodları barədə danışmamışıq. Bizim növbəti görüşümüz danışıqlar formatının müzakirəsinə həsr ediləcək. Hesab edirik ki, problemin həlli üçün ilk növbədə effektiv format yaradılmalı, ilk növbədə Dağlıq Qarabağın burada iştirakı təmin edilməlidir”.

Ermənistanın baş naziri bununla Avropadan dəstək gözləyirdi və hesab edirdi ki, Han ən azı diplomatik dillə ona haqq qazandıracaq. Lakin Han açıq şəkildə bəyan etdi ki, “Ən yaxşısı indiki formatı saxlamaqdır. Yenilik xətrinə yeni nəsə yaratmağa ehtiyac yoxdur”.

Martın 9-da ATƏT-in Minsk qrupu liderlərin planlaşdırılan görüşü ilə bağlı bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, danışıqlar formatı dəyişdirilə bilməz. Həmsədrlər tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən çəkinməyə çağırırlar. Həmsədrlər əsas vurğunu Helsinki Yekun Aktının prinsipləri üzərində qurdular və bu, ərazi bütövlüyünün bərpası prinsipinin Ermənistanın istinad etdiyi “öz müqəddəratını təyin etmə” prinsipindən öndə gəlməsi deməkdir.

Və beləliklə, Paşinyan Azərbaycan lideri ilə görüşə “format dəyişikliyi” tezisi alt-üst olmuş şəkildə gedir. Liderlərin ilk rəsmi görüşünün bu formatda keçiriləcəyi də rəsmi İrəvanın bundan sonra “format dəyişikliyi” tezisi üzərindən çıxış etməsinin önün bağlayacaq. Bu, Azərbaycanın işğalçı ölkə üzərində növbəti diplomatik qələbəsidir.

Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/

Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/272395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR