Yaponiya səkkiz il əvvəl baş vermiş təbii fəlakətin nəticələrini necə aradan qaldırır? - FOTO

Yaponiya səkkiz il əvvəl baş vermiş təbii fəlakətin nəticələrini necə aradan qaldırır? - FOTO
22:27 11 Mart 2019
Ölkə mətbuatı
A- A+

2011-ci il martın 11-də baş vermiş təbii fəlakətin və atom qəzasının ildönümü ilə əlaqədar bu gün bütün Yaponiya ərazisində müxtəlif tədbirlər keçirilir. Xatırladaq ki, səkkiz il bundan əvvəl yerli vaxtla saat 14:46 dəqiqədə Miyaqi prefekturasının sahillərində 9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində yaranan təqribən 10 metr hündürlüyündə sunami dalğaları sahil rayonlarını vurub və nəticədə "Fukusima-1" atom elektrik stansiyasında (AES) qorxunc atom qəzası yaşanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cari il martın 8-dək olan məlumata görə, faciə nəticəsində 15 min 987 nəfər həlak olub, 2533 nəfər isə itkin düşmüş hesab edilir. Təxliyə ilə əlaqədar səhhətində problemlər yaranan insanlar da nəzərə alınmaqla, təbii fəlakət nəticəsində azı 22 min 131 nəfərin həyatını itirdiyi bildirilir.

Həmçinin sahilboyu ərazilərdən yüz minlərlə insan təxliyə edilib. Faciədən səkkiz il keçməsinə baxmayaraq, hələ də 51 min 778 nəfər müvəqqəti tikililərdə yaşayır. Hökumət bu insanların normal yaşayış yerlərinə köçürülməsini 2022-ci ilədək yekunlaşdırmağı planlaşdırır.

Zəlzələ və sunami Miyaqi, İvate və Fukuşima prefekturalarının bütün sahilboyu zonasını sıradan çıxarıb, şəhərləri və kəndləri demək olar ki, yerlə bir edib. Yapon alimlərin bu ərazilərdə belə güclü zəlzələnin tezliklə təkrar olunmayacağı barədə proqnozlarına baxmayaraq, hökumət və yerli orqanlar sahil ərazilərində torpaqtökmə işlərinə, dalğaların qarşısını kəsə biləcək hasarların və digər infrastrukturların inşasına xüsusi diqqətlə yanaşırlar.

Mərkəzi hökumətin yerli infrastrukturu bərpa etmək, həmin prefekturalarda həyatı əvvəlki normal axarına qaytarmaq cəhdləri hələlik lazımi nəticəni vermir. Həmin yerlərin keçmiş sakinləri doğma evlərinə qayıtmağa tələsmirlər. NHK telekanalının apardığı hesablamalara əsasən, əhalinin ən çox tərk etdiyi yaşayış məntəqələri Miyaqi prefekturasının Onaqava və Minamisanriku şəhərləridir. Burada əhalinin sayı sunamidən əvvəlki dövrlə müqayisədə müvafiq olaraq 40 faiz və 34 faiz azalıb.

Telekanalın apardığı sosial sorğunun nəticələrinə görə, bu ərazilərdə yaşayan insanların 63 faizi bərpa işlərinin tam sürətlə aparılmadığını bildirib. Yerli əhalini ən çox iqtisadiyyatın vəziyyəti, biznesin inkişafı üçün heç bir şəraitin olmaması narahat edir. Məhz bu amillər əhalinin sürətlə azalmasına, gənclərin daha böyük şəhərlərə üz tutmasına səbəb olur.

Fəlakət regionunda aparılan bərpa işlərinin hazırkı vəziyyətinə toxunan Baş nazir Şinzo Abe deyib: "Zərərçəkmiş rayonlar son səkkiz ildə çoxsaylı problemlərlə qarşılaşsa da, bərpa işləri davam etdirilir. Biz yeni avtomobil və dəmir yollarının açılmasını öz gözlərimizlə görə bilərik". Fəlakətin növbəti ildönümü ərəfəsində hökumət İvate prefekturasında Kamaişi şəhəri ilə aeroportun yerləşdiyi Hanamaki yaşayış məntəqəsi arasında 80 kilometrlik yeni sürətli magistralın açılışını nəzərdə tutur.

Bununla yanaşı, hökumət şimal-şərq rayonlarında böyük idman yarışlarının təşkilinə xüsusi diqqət yetirir və turistlərin bu yerlərə cəlb edilməsinə çalışır. Belə ki, cari ilin sentyabrında reqbi üzrə dünya çempionatı oyunlarının bir qismi məhz Kamaişi şəhərində keçiriləcək. Yeni sürətli yol da idmançıların və tamaşaçıların hərəkətini asanlaşdırmaq məqsədi daşıyır.

2020-ci ildə Tokio Olimpiya və Paralimpiya Oyunları zamanı təşkil ediləcək yarışlar da fəlakət zonasından yan keçməyəcək. Belə ki, Olimpiya məşəlinin məhz martın 11-də yandırılması nəzərdə tutulur. Bundan sonra məşəlin martın 20-də Yaponiyaya gətirilməsi, martın 26-da isə Olimpiya alovu estafetinin Fukuşimadan başlanması planlaşdırılır. Eyni zamanda, Olimpiya oyunlarını proqramına ilk dəfə daxil edilən beysbol və softbol yarışları da Fukuşimada keçiriləcək.

Bütün bunlarla yanaşı, "Fukusima-1" AES-də baş vermiş atom qəzasının nəticələrinin aradan qaldırılması Yaponiya hökumətinin ən mühüm vəzifəsi olaraq qalır. Ayrı-ayrı işlərin icrası ilə bağlı cədvəldə tez-tez dəyişikliklər edilir. Xəbər verdiyimiz kimi, AES-in 3-cü reaktorunda işlənmiş nüvə yanacağının çıxarılması ilə bağlı işlər aprelin sonunadək təxirə salınıb. AES-in operatoru olan "Tokyo Electric Power Co." şirkəti avadanlıqla əlaqədar yaranan problemlər səbəbindən buradakı 566 yanacaq milinin bütünlükdə çıxarılmasına ən tezi yayda başlamaq məcburiyyətində qalıb. Halbuki ilkin variantda bu işlərin dörd il əvvəl həyata keçirilməsi planlaşdırılırdı.

Ümumiyyətlə, elektrik enerjisi şirkətinin mütəxəssisləri "Fukusima-1" AES-in sökülməsi üçün 8 trilyon yen (təqribən 75 milyard dollar) vəsait lazım olduğunu bildirsələr də, bu məbləğin artacağı gözlənilir. AES-in tam sökülməsinə gəlincə isə, bunun 30-40 il vaxt tələb etdiyi bildirilir.

Göründüyü kimi, Yaponiya hökumətinin və yerli strukturların səylərinə baxmayaraq, 2011-ci il martın 11-də baş vermiş təbii fəlakətin və atom qəzasının nəticələrinin nə vaxt tam aradan qaldırılacağını söyləmək çox çətindir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/737985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR