Erməni elitası təşvişdə: Bəyanat İrəvanı qarışdırdı

Erməni elitası təşvişdə: Bəyanat İrəvanı qarışdırdı
21:22 11 Mart 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

ATƏT-in Minsk Qrupunun sonuncu Qarabağ bəyanatı Ermənistanda təşvişə səbəb olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu gün bəyanatla bağlı Ermənistan parlamentində təmsil olunan hər üç partiyanın nümayəndələri brifinq keçiriblər. Mənim Addımım Blokundan olan deputat Vladimir Vardanyan bəyanatın Minsk Qrupunun mövqeyini əks etdirdiyini deyib:

"Ermənistan baş nazirinin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Qarabağ konfliktinin həll edilməsinin əsasında İrəvan, Xankəndi və Bakı üçün qəbul oluna bilən qərar dayanmalıdır".

O, həmçinin oxşar bəyanatların öncələr də verildiyini və bundan hansısa sensasiya yaradılmaması gərəkdiyini söyləyib.

Vardanyan bu bəyanatın "Qarabağ xalqının" öz müqəddaratını müəyyənetmə prinsipini reallaşdırılmasına mane olmadığını deyib. Üstəlik, deputat İrəvan və Qarabağın müəyyən məsələlərdə fərqli yanaşmalara sahib olacağını bildirib.

İşıqlı Ermənistan Partiyasının rəhbəri Edmon Marukyan isə Minsk Qrupunun bəyanatından narahat olduğunu, amma belə bir bəyanatın ilk dəfə səsləndirilmədiyini deyib. O, hökumətin Dağlıq Qarabağın "danışıqlar masasına qaytarılması" ideyasını dəstəklədiyini bildirib. Marukyan Qarabağda keçirilən 1991-ci il "referendumu"nun nəticələrini görməzdən gəlməyin qəbuledilməz olduğunu deyib.

Çiçəklənən Ermənistan Partiyası da ATƏT-in Minsk Qrupunun bəyanatından narahat olduğunu bəyan edib. Partiyanın deputatı İveta Tonoyan Qarabağ konfliktinin yeganə həll yolunun qondarma rejimin müstəqilliyinin tanınmasından ibarət olduğunu bildirib. O, ATƏT-in Minsk Qrupunun bəyanatında yer alan məqamların Çiçəklənən Ermənistan üçün qəbuledilməz olduğunu söyləyib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu Qarabağ konflikti ilə bağlı bəyanat yayıb. Bəyanatda həmsədrlər Ermənistan və Azərbaycan liderlərinin danışıqlar keçirmək barədə niyyətini alqışlayıblar. Həmsədrlər bəyanatda konfliktin həllinin Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən güc tətbiqindən yayınmaq, ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetməsinə əsaslanmalı olduğunu bildiriblər:

"Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti status verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı qüvvələrin yerləşdirilməsinin təmin edilməsi".

ATƏT-in Minsk Qrupunun bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi ilkin reaksiyasını artıq verib. Rəsmi Bakı bu bəyanatın Ermənistan hökumətinə siqnal olması gərəkdiyini bildirib.

Məhz bu bəyanatın ardınca Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/738008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR