Şiə İslam – Metbuat.org http://metbuat.org Wed, 18 Oct 2023 09:40:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.6.2 http://metbuat.org/wp-content/uploads/2023/07/cropped-298011630_108014162012710_263532087096500316_n-32x32.jpg Şiə İslam – Metbuat.org http://metbuat.org 32 32 İsrail-Həmas münaqişəsi Cənubi Qafqaza necə təsir edə bilər? – Azərbaycan və Ermənistandan siyasi şərhçilər BBC-yə danışırlar http://metbuat.org/?p=4033 http://metbuat.org/?p=4033#respond Wed, 18 Oct 2023 09:40:22 +0000 https://metbuat.org/?p=4033 Read more

]]>

Şəklin mənbəyi, GETTY IMAGES

Şəklin alt yazısı,

Həmasın hücumu nəticəsində səkkiz Azərbaycan əsilli şəxs İsraildə həlak olub və azərbaycanlılar Bakıda İsrail səfirliyinin önünə güllər düzüblər.

Qəzzanı idarə edən Həmasın İsrailə hücumundan sonra yaydıqları bəyanatda Azərbaycan və Ermənistan hər iki tərəfdən dinc insanların həlak olmasına görə kədərləndiyini bildirib, Gürcüstan İsrailə qarışı hücumları pisləyib.

Həmas İsrailin Qəzza ilə sərhəd ərazilərinə hücum etdikdən və İsrailin Qəzzaya raket zərbələrindən sonra yüzlərlə israilli və fələstinli mülki şəxs, o cümlədən qadınlar və uşaqlar öldürülüb.

Azərbaycan və Ermənistandan olan siyasi şərhçilər bu müharibənin Cənubi Qafqaza təsirlərinin ola biləcəyindən narahatdırlar. Onlarla BBC News Azərbaycan üçün Könül Şahin danışıb.

“İsrail-İran müharibəsi olsa, bu, Azərbaycan üçün çətin olacaq”

Bakıdakı Cənubi Qafqaz Tədiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov hesab edir ki, Yaxın Şərqdə baş verən hadisələr İsrailin strateji tərəfdaşı olan Azərbaycanı yaxından maraqlandırır:

“Eyni zamanda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bu təşkilatda Fələstin vacib məsələlərdən biridir. Azərbaycan həm İsraillə, həm də Fələstinlə münasibətlərdə bu balansı qoruyur”.

Siyasi şərhcinin sözlərinə görə, münaqişəyə başqa ölkələrin qoşulması Azərbaycan üçün təhlükə kəsb etməsə də, gərginliyi artıra bilər:

“İsrail-İran müharibəsi olsa, bu, Azərbaycan üçün çətin olacaqdır. Demirəm ki, Azərbaycan öz ərazisindən və ya hava məkanından istifadə edilməsinə icazə verəcəkdir, amma gərginliyin dərəcəsi yüksələcəkdir”.

Fərhad Məmmədovun sözlərinə görə, dünyada baş verən münaqişələrin regiona daha az təsir etməsi üçün regionda sabitliyin təmin edilməsi vacibdir və bunun üçün Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində addımlar atmalıdır:

“İlk növbədə regionda sülhə nail olmaya calışmaq lazımdır. Regionda sülhün təmin olunması regiondan kənar qüvvələrin və region dövlətləri hesabına öz maraqlarını həyata keçirməyə çalışan ölkələrin bu münaqişələrdən istifadə etməsinə mane olacaqdır”.

“…Rusiyanın Cənubi Qafqazda təsiri yenidən arta bilər”

Qəzza İsrail

Şəklin mənbəyi, Getty Images

Erməni politoloq Argişti Kiviryanın fikrincə, müharibənin Cənubi Qafqaza təsiri onun hansı ssenaridə davam edəcəyindən, quru əməliyyatının olub-olmayacağından, müharibənin müddətindən və hansı ölkələrin müharibədə iştirak edəcəyindən asılıdır:

“Lakin hər halda bir şey aydındır: bu müharibə beynəlxalq qeyri-sabitliyi daha da ağırlaşdırdı, dünya nizamını daha da zəiflətdi və köhnə beynəlxalq çəkindirmə mexanizmlərinin yeni şəraitdə tam acizliyini, hətta tam yararsızlığını bir daha nümayiş etdirdi. Dünyada çox qan tökülüb və daha çox qan həmişə yeni müharibələrə yol verilməsini asanlaşdırır”.

Kiviryanın fikrincə, müharibənin müddəti uzanarsa, bu, Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya üçün üstünlüyə çevrilə bilər və beləliklə, Rusiyanın Cənubi Qafqazda təsiri yenidən arta bilər:

“Rusiya o mənada qalib gələ bilər ki, Qərb intensiv şəkildə İsrailə silah ehtiyatlarını göndərməyə başlayacaq. Qərbdən böyük maliyyə axınını və silah dəstəyini itirəcəyi halda Ukraynanın Moskvaya müqavimət göstərməsi xeyli çətinləşəcək və bu da Rusiyanın böyük əks-hücumuna çevrilə bilər”.

Argişti Kiviryanın fikrincə, İran birbaşa münaqişəyə cəlb olunmamağı bacararsa, bu münaqişədən faydalana və beləliklə də Cənubi Qafqazda təsirini artıra bilər:

“ABŞ və bütün Qərbin İsrailə açıq dəstəyi ərəb ölkələrini Moskva, Tehran və Ankaranın qucağına sıxışdıracaq. Bu ölkələr ərəb dünyasının və bəzi ölkələrin simpatiyası üçün fəal əməkdaşlıq edəcək və bir-birlə rəqabət aparacaqlar. Hər halda, bu müharibə sayəsində İranın regionda mövqeləri güclənir, bir çox ölkələr, o cümlədən Qərb ölkələri bu və ya digər vəziyyəti həll etmək üçün İranla açıq və ya gizli görüşəcəklər”.

Həması dəstəkləyən İran artıq İsraili hədələyib. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, İsrailin Qəzzada “fələstinlilərə qarşı hərbi cinayətləri” dayanmasa, İran hərəkətə keçəcək.

İran-Azərbaycan və Azərbaycan-İsrail münasibətləri necə olacaq?

azərbaycanlı mədrəsə tələbələri Tehranda İsrailə etiraz edirlər

Şəklin mənbəyi, GETTY IMAGES

Şəklin alt yazısı,

İranın paytaxtı Tehranda azərbaycanlı mədrəsə tələbələri Tehranda İsrailə etiraz edirlər

Bakıdakı Topşubaşov Mərkəzinin siyasi şərhçisi Məhəmməd Məmmədov BBC Azərbaycancaya mühasibəsində deyib ki, İsrail və Həmas arasında yaşanan münaqişə son aylar Azərbaycan-İran münasibətlərində müşahidə olunan normallaşma prosesini təzyiq altında qoya bilər. Amma Məmmədov İranın İsrail ilə müharibəyə girəcəyini düşünmür:

“Həmasın hücumlarının birbaşa arxasında olub-olmamasından asılı olmayaraq, İsrailin regional siyasətinə ciddi zərər vurmaqla İran hal-hazırda qazanclı tərəf kimi görünür. Ancaq Tehranın daha da irəli gedərək İsraillə müharibəyə qoşulacağını düşünmürəm”, o əlavə edib.

Təhlilçi hesab edir ki, Tehranın İsrailə qonşu ölkələrdə dəstəklədiyi şiə qruplaşmalar sayəsində İsraillə potensial toqquşma İran ərazisindən kənarda aparılır və “bu da düşmən tərəfə ciddi zərər vurmaqla Tehranın regional mübarizədə strateji dərinliyini artırır”.

Ermənistanlı politoloq Argişti Kiviryanın fikrincə, müharibə uzun müddət davam edərsə və İsrail Azərbaycan torpaqlarından İrana nəzarət etmək üçün istifadə etməyə çalışarsa, bu, İranla Azərbaycan arasında gərginliyə səbəb ola bilər:

‘’Uzunmüddətli münaqişə vəziyyətində İsrail çox güman ki, İranı cilovlamaq üçün Azərbaycan ərazisindən istifadə etməyə çalışacaq ki, bu da Bakı hakimiyyətinin İsrail və bəzi Qərb ölkələrinin təzyiqlərinə boyun əyəcəyi təqdirdə İran-Azərbaycan münasibətlərini kəskin şəkildə çətinləşdirə bilər’’

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan regionda vəziyyətin sabitliyi üçün sülhə doğru addımlar atmalıdırlar:

“Ermənistan və Azərbaycan üçün ən yaxşı həll yolu iki xalq və dövlət arasında sülhə doğru real addımlar olacaq. Yalnız həqiqi sülh hər iki xalqı yeni münaqişələrdən, müharibələrdən və qarşılıqlı məhv olmaqdan xilas edə bilər, həmçinin regionu geosiyasi və geoiqtisadi problemlərini həll etmək üçün istifadə edən daha güclü oyunçuların tramplini olmaqdan qoruya bilər”.

Məhəmməd Məmmədov isə Azərbaycanın İran və ya İsraili seçmək məcburiyyətində qalmayacağını düşünür. “Azərbaycan hakimiyyəti dəfələrlə qeyd edib ki, heç vaxt ərazisi üçüncü ölkəyə qarşı hərbi məqsədlərlə istifadə oluna bilməz. Bu Azərbaycana heçnə qazandırmır və əksinə onun mövcudiyyətini sual altında qoya bilər”, o BBC-yə deyib.

Azərbaycanlı təhlilçi də Azərbaycan və Ermənistan üçün ən ideal ssenarinin sülh müqaviləsi imzalamaq olduğunu düşünür:

“İsrail-Fələstin münaqişəsi beynəlxalq siyasətdə güc faktorunun bütün çılpaqlığı ilə üzə çıxdığını və geosiyasi maraqların normativ dəyərləri daha çox üstələdiyini bir daha göstərir. Belə bir vaxtda Ermənistan və Azərbaycanın sülh müqaviləsi imzalaması hər iki ölkənin getdikcə qeyri-stabilləşən bir sistemdə müstəqil dövlət kimi mövcudluğuna böyük töhfə verə bilər”, o deyib.

“İki ölkə arasında münasibətlərin institusionallaşdırılması tərəflər arasında 30 illik münaqişə nəticəsində daha da dərinləşən güvənsizliyi azalda və bundan xarici qüvvələrin öz destruktiv maraqları üçün istifadə etməsinin qarşısını ala bilər”, Məhəmməd Məmmədov əlavə edib.

Yazı BBC Azərbaycan saytından götürülüb

]]>
http://metbuat.org/?feed=rss2&p=4033 0